Motorola brendi Hindistanda Moto G smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Moto G14-dən gedir. Beləliklə Moto G14 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran həmçinin qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Moto G14 özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir və onun gövdəsi IP52 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilər baxımından smartfon Unisoc T616 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 20 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Moto G14 smartfonu 8 avqust tarixində 120$ qiymətində Hindistanda satışa çıxacaq. Müəyyən müddətdən sonra isə onun satışlarına həmçinin Avropada start veriləcək.