Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, yaxın zamanda təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində səssiz rejimə keçid düyməsi ənənəvi düymə tərzində reallaşdırılacaq. Yəni həmin düymə sürüşdürmə mexanizmi əsasında deyil, klikləmə əsasında çalışacaq. Ortaya çıxmış yeni məlumata əsasən iPhone 15 Pro modellərində reallaşdırılacaq bu düymə Action Button adını əldə edəcək.
Bu barədə məlumat iOS 17 əməliyyat sisteminin kodunda aşkar edilib. Məlumatda qeyd edilib ki, Action Button adlı düymə smartfonun səssiz rejimə keçidi ilə yanaşı digər funksiyaları da yerinə yetirə biləcək. Belə ki, istifadəçi bu düymə üçün 9 funksiyadan birini təyin edə biləcək. Məsələn istifadəçi Action Button vasitəsilə kameranı işə sala, smartfonun fənərini aktivləşdirə, mətnin tərcüməsi prosesini işə sala, səsli qeydin yazılması prosesini aktivləşdirə və s. əməliyyatları reallaşdıra bilər.