Honor şirkəti giriş seqmentinə daxil olan yeni smartfonunu təqdim edib. Söhbət, Honor X6a smartfonundan gedir. Bu yeni smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı və sürətli şarj texnologiyasının dəstəyi ilə seçilir. Beləliklə Honor X6a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612×720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Honor X6a həmçinin özündə kontaktsız ödənişlər üçün NFC çipi və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Helio G36 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 5 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X6a MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon artıq satışa çıxıb və 167$ qiymətində satılır.