Meta şirkəti Threads adlı yeni servisini istifadəyə verəndən sonra ani olaraq onun geniş şəkildə məşhurlaşması halı ilə qarşılaşdı. Lakin müəyyən müddətdən sonra Threads-də aktivliyin aşağı düşməsi səbəbilə şirkət onun üçün ciddi funksiyaların hazırlanması prosesinə start verməli oldu. Threads-in fəaliyyətinin ilk 2 həftəlik statistikasına əsasən yeni servisdə aktiv istifadəçi kütləsi 13 milyona düşüb. Bu isə aktiv istifadəçi kütləsinin 70% aşağı düşməsi deməkdir.
Servisin həm Android həm də iOS üçün nəzərdə tutulmuş versiyasında istifadəçilərin ortalama keçirdikləri zaman göstəricisi isə 19 dəqiqədən 4 dəqiqəyə düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Twitter-də gündəlik aktiv istifadəçi sayı stabil olaraq 200 milyon insan təşkil edir. Ortalama isə insanlar Twitter-də gün ərzində 30 dəqiqə vaxt keçirirlər. Meta bildirib ki, Threads-in bir neçə gün ərzində 100 milyonluq istifadəçi kütləsi yığmasından sonra onda aktivliyin düşməsi gözlənilən idi. Şirkətin fikrincə bunda heç bir narahatedici hal yoxdur və onun hal hazırda əsas məqsədi servis üçün yeni funksiyaların hazırlanmasındadır.