Elon Musk bildirib ki, Tesla şirkəti lisenziyalaşdırma şərtləri əsasında öz avtopilot texnologiyasını digər şirkətlərə təqdim etməyə hazırdır. Musk-ın sözlərinə əsasən bu istiqamətdə Tesla digər şirkətlərlə ilkin danışıq mərhələsindədir. Qeyd etmək lazımdır ki, buna bənzər bəyanatı Musk hələ il yarım bundan öncə vermişdi. Keçən aydan başlayaraq avtomobil istehsalçıları Tesla-nın NACS adlı şarj girişini öz avtomobillərində reallaşdırmağa başladılar.
Bu münasibətlə Musk bildirmişdi ki, o, Tesla-nın avtopilot və digər texnologiyalarını kənar şirkətlərə lisenziyalaşdırma şərtləri əsasında təqdim etməyə hazırdır. İndi isə Musk bildirib ki, böyük avtomobil istehsalçılarından biri bu mövzuda artıq Tesla ilə danışıqlar aparır. Əslində bu cür praktikada təəccüblü heç bir şey yoxdur. Avtomobil istehsalçılarının çoxu öz nəqliyyat vasitələrini avtopilot sistemi ilə təchiz etməyə hədəflənib və əgər Tesla onları inandıra bilsə ki, bu mövzuda onun gördüyü işlər daha yaxşıdır, deməli ona daha çox şirkət müraciət edəcək.