Bank of America Global Research şirkətinin analitiki Wamsi Mohan 2020-ci ildə bildirmişdi ki, iPhone 12 sentyabr ayında deyil, oktyabr ayında satışa çıxacaq. Nəticədə belə də oldu. Belə ki, həmin ildə iPhone 12 ilə iPhone 12 Pro modelləri oktyabr ayının sonunda, iPhone 12 mini ilə iPhone 12 Pro Max modelləri isə noyabr ayının ortasında satışa çıxmışdılar.
Analitikin verdiyi məlumata əsasən eyni hal həmçinin iPhone 15 smartfon seriyasında da yaşanacaq. Wamsi Mohan bildirib ki, onun mənbələrindən əldə edilmiş məlumata əsasən Apple şirkətinin yeni smartfonları sentyabr ayında satışa çıxmayacaqlar və bir neçə həftəlik gecikəcəklər. Analitik konkret tarixləri söyləməsə də bildirib ki, onun fikrincə satışlara oktyabr ayında start veriləcək. Bunun nə ilə bağlı olduğu tam aydın deyil. iPhone 15 smartfon seriyasının təqdimatına gəldikdə isə o, sentyabrda baş tutmalıdır.