Bir çox smartfon istehsalçısının öz cihazlarını yüksək göstəricidə sürətli şarj texnologiyası ilə təmin etdikləri halda Samsung ilə Apple bu mövzuda geri qalırlar. Lakin yaxın gələcəkdə bu vəziyyət dəyişə bilər. Hələ keçən həftə insayderlər bildirmişdilər ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S24 Ultra smartfonu yeni növ batareya ilə təchiz olunacaq və bunun hesabına smartfon daha yüksək göstəricidə sürətli şarj texnologiyasını dəstəkləyə biləcək. İndi isə insayderlər bu mövzuda Apple barəsində xəbər veriblər.
Onların sözlərinə əsasən Apple hal hazırda 40 vatt gücündə naqilli sürətli şarj texnologiyasının və 20 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib yeni MagSafe şarjını test edir. Lakin onlar qeyd ediblər ki, bu cür sürətli şarj texnologiyalarının dəstəklərini iPhone 15 modelləri əldə etməyəcəklər. Belə ki, şirkət bu yeni sürətli şarj texnologiyalarını gələn ilki iPhone 16 modellərində reallaşdıracaq. Heç istisna deyil ki, yeni sürətli şarj texnologiyalarının dəstəklərini gələn il yalnız iPhone 16 Pro modelləri əldə etsinlər.