İnsayderlər Windows 11-in test versiyasında yeni maraqlı funksiyanı aşkar ediblər. Söhbət, cihazın enerji sərfiyyatının genişləndirilmiş monitorinq funksiyasından gedir. Sözügedən yeni funksiya mobil əməliyyat sistemlərində olan analoq kimi çalışır. Onun vasitəsilə noutbukun hansı tətbiqlərin istifadəsi halında sürətli enerji sərfiyyatına sahib olduğunu öyrənmək olar. Hal hazırda sözügedən funksiya tam şəkildə çalışmasa da, onun final versiyasının necə olacağını görmək olar.
Sözügedən funksiya batareyanın adi rejimdə və noutbukun şəbəkəyə qoşulduğu halda sərf edilən enerjisinin qrafikini tərtib edir. İstifadəçi həmçinin müxtəlif tətbiqlərin istifadəsi zamanı sərf edilən enerji miqdarının statistikasını da müşahidə edə bilər. Əlavə olaraq enerji sərfiyyatının aşağı salınmasına istiqamətlənmiş iki yeni özəllik sistem ayarlarına əlavə edilib. Söhbət, Dark Mode rejiminin aktivləşdirilməsindən (OLED ekranlı noutbuklar üçün keçərlidir) və təsvir tezliyinin dinamik yenilənməsinin deaktiv edilməsindən gedir. Bütün bu yeniliklərin stabil Windows 11-də nə zaman istifadəyə veriləcyi bilinmir.