Microsoft şirkəti Bing Chat Enterprise adlı yeni çat-botunu anons edib. Sözügedən yeni çat-bot generativ neyron şəbəkəsi əsasında çalışır. Bu çat-bot hal hazırda generativ süni zəka sistemlərinin lazımi səviyyədə konfidensiallığı və məlumat təhlükəsizliyini təmin etməmələrindən narahat olan şirkətləri yüksək səviyyəli təhlükəsizlik ilə təmin etməyə hədəflənib. Bing Chat Enterprise çat-botunun ilkin versiyası artıq bu həftə ərzində Microsoft 365-in bəzi tarif planlarındakı istifadəçiləri üçün aktiv olacaq.
Microsoft bildirib ki, yeni çat-bot Bing Chat-ın dəstəkləndiyi hər yerdə aktiv olacaq. Bura həmçinin bing.com/chat saytı və Microsoft Edge brauzerinin yan paneli də daxildir. Bing Chat Enterprise çat-botunun işə salınmasının əsas səbəbi odur ki, Apple və Samsung kimi böyük şirkətlər, Uoll-Stritdəki banklar və digər müəssisələr öz əməkdaşlarına iş yerlərində ChatGPT və ona bənzər digər generativ neyron şəbəkələrindən istifadəni qadağan ediblər. Bu isə onunla bağlıdır ki, çat-botların çoxu istifadəçilər ilə qarşılıqlı əlaqə prosesi zamanı əldə edilən məlumatları öz təlimatlandırılmalarında istifadə edirlər.
Microsoft etiraf edir ki, müəssisələr üçün nəzərdə tutulmamış süni zəka alətlərindən istifadə konfidensial biznes məlumatlarını risk altına atır. Bing Chat Enterprise isə çat-botla qarşılıqlı əlaqə prosesində məlumatların konfidensiallıqları barəsində narahatlıqları aradan qaldırmalıdır. Şirkət bildirib ki, yeni çat-botun alqoritmi ünsiyyət çatının məlumatlarını özündə saxlamır və müvafiq olaraq həmin məlumatlar neyron şəbəkəsinin təlimatlandırılmasında istifadə edilə bilməz.