Samsung şirkətinin yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-in təqdimatlarına az müddət qalmış Roland Quandt adlı məşhur insayder sözügedən smartfonların yeni keyfiyyətli render fotolarını təqdim edib. Galaxy Z Flip 5-in yeni render fotolarında əsas diqqət smartfonun böyük ölçülü xarici ekranına ayrılıb. Galaxy Z Fold 5-in yeni render fotosu isə smartfonun şarnir konstruksiyasının yeni özəlliyini sərgiləyib. Fotolardan da görmək olar ki, Galaxy Z Flip 5-in böyük ölçülü xarici ekranı əsas ekranın funksionallığına sahib olacaq.
Belə ki, istifadəçi xarici ekranda bildirişlərə baxmaqla yanaşı, onda tətbiqləri işə sala və ya foto və videolara baxa biləcək. Galaxy Z Fold 5-ə gəldikdə isə render foto sayəsində aydın olur ki, yeni smartfon qatlanmış vəziyyətdə iki ekran arasındakı açıq boşluqdan məhrum olacaq. Bu isə öz növbəsində sözügedən smartfonda damcı formalı şarnir konstruksiyasından istifadə edildiyinə işarə edir. Qeyd etmək lazımdır ki, Samsung-un bu yeni qatlana bilən smartfonları 26 iyul tarixində təqdim olunacaqlar.