NASA-nın verdiyi məlumata əsasən hal hazırda Marsda fəaliyyət göstərən Perseverance aparatı planetin səthində orqanik molekulları aşkar edib. Təbii ki, bu, Marsda artıq bioloji həyat növünün kəşf edilməsi demək deyil. Lakin bu hadisə yadplanetli bioloji həyat növünün tapılması istiqamətində atılmış vacib bir addımdır. Qeyd etmək lazımdır ki, Perseverance orqanik molekulların aşkar edilməsi üçün nəzərdə tutulmuş iki ədəd xüsusi təchizata sahibdir. Söhbət, PIXL (Planetary Instrument for X-ray Lithochemistry) və SHERLOC (Scanning Habitable Environments with Raman and Luminescence for Organics and Chemicals) adlı cihazlardan gedir.
PIXL adlı təchizat vasitəsilə Perseverance daha öncə də Mars süxurlarında orqanik molekullara rast gəlib. Lakin bu cür molekulların məhz SHERLOC adlı təchizat vasitəsilə ilk dəfə aşkar edilməsi keçmişdə Marsın biloji həyat növünə sahib olma potensialını özündə birləşdirdiyinə işarə edən əlavə arqumentdir. Təəssüflər olsun ki, orqanik molekulların aşkar edilməsi Marsda bioloji həyat növünün olduğunu təsdiq edən əsas faktor deyil. Belə ki, karbon və hidrogen birləşmələri şəklində olan orqanik molekullar qeyri-üzvi maddələrin təbii reaksiyaları nəticəsində də yaranmış ola bilərlər.
Aşkar edilmiş orqanik molekulların mənşəyləri barəsində dəqiq məlumat mütəxəssislərin Mars süxur nümunələrini analiz etdiklərindən sonra ortaya çıxacaq. Bu cür analiz prosesi isə yalnız Yer kürəsində mümkündür. Lakin bu, 2030-cu illərdən tez baş verməyəcək. Belə ki, Mars süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyası məhz həmin illər üçün planlaşdırılır. Qeyd etmək lazımdır ki, Perseverance aparatı Marsda Jezero adlı kraterin müşahidəsi ilə məşğul olur. Alimlər güman edirlər ki, uzaq keçmişdə Jezero kraterində göl mövcud olub.