AMD şirkətinin fikrincə süni zəka yeni prosessorların layihələşdirilməsində yardımçı olmaqla yanaşı bu işin əsas prosesini də öz üzərinə götürə bilər. Şirkətin CEO-su Lisa Su bildirib ki, AMD yeni prosessorların layihələşdirilməsi, testi və yoxlanışında artıq süni zəka texnologiyalarından istifadə etməyə başlayıb. Bununla belə şirkət mikrosxemlərin layihələşdirilməsi üçün nəzərdə tutulmuş tətbiqlərdə generativ süni zəka sistemlərinin istifadə imkanlarını genişləndirməyi planlaşdırır.
Şirkət hal hazırda mikrosxemlərin layihələşdirilməsi prosesində qəliz tapşırıqların optimizasiyası və əl əməyinin minimuma endirilməsi üçün süni zəka texnologiyalarının Electronic Design Automation (EDA) alətləri ilə birləşdirilməsi imkanını aktiv şəkildə nəzərdən keçirdir. Qeyd etmək lazımdır ki, bununla təkcə AMD məşğul olmur. Məsələn Synopsys şirkəti süni zəka sistemlərinin tədqiqatlarına artıq külli miqdarda vəsait sərf edib və bir neçə müddət bundan öncə Synopsys.ai sistemini işə salıb. Bu, süni zəka əsaslı EDA sistemidir. Tərtibatçılar bu sistemdən istifadə edərək süni zəkanı mikrosxemlərin istənilən hazırlanma mərhələsinə cəlb edə bilərlər.