Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda olan reklamların bloklanması üçün nəzərdə tutulmuş reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq. Həmin vaxtda bu, bəzi Youtube istifadəçiləri arasında test olunurdu. İndi isə videoservis rəsmi şəkildə təsdiq edib ki, o həqiqətən də bu mövzuda testlər aparır. Videoservis bildirib ki, reklam bloklayıcılarından istifadə edənlər Youtube-da videoları izləməyə davam etmək üçün həmin bloklayıcıları ya deaktiv etməli ya da Youtube Premium-dan istifadə etməli olacaqlar. Lakin videoların izlənməsi imkanının bloklanmasından öncə videoservis istifadəçidən reklam bloklayıcısının deaktiv edilməsini istəyəcək.
Youtube istifadəçiləri videoservis tərəfindən yeni bildirişi əldə etməyə başlayıblar. Yeni bildirişdə qeyd edilib ki, istifadəçinin mütəmadi şəkildə reklam bloklayıcısından istifadə etdiyi qeydə alınsa, onun üçün videoların izlənməsi imkanı bloklana bilər. Bildirişə əsasən reklam bloklayıcısından istifadə edən istifadəçi yalnız 3 videoya baxmaq imkanına sahib olacaq. Google bildirib ki, reklam bloklayıcılarının təyin edilməsi ideyası yeni bir şey deyil. Müxtəlif kontentlərin istifadəçilərə təqdim edilməsi ilə məşğul olan digər resurslar da istifadəçilərdən bu cür reklam bloklayıcılarının deaktiv edilməsini xahiş edirlər.
Videoların izlənməsi imkanının bloklanmasından öncə Youtube bir neçə dəfə istifadəçidən reklam bloklayıcılarının deaktiv edilməsini xahiş edəcək. Youtube rəsmiləri bildiriblər ki, onlar bu mövzuya çox ciddi yanaşırlar və istifadəçinin videoservisin xahişini hər dəfə rədd etməsi halında onun üçün videoların izlənməsi imkanını bloklayacaqlar. Youtube bu yeni siyasəti ilə videolardakı reklam elanlarının nə dərəcədə vacib olduğunu sərgiləməyə çalışır. Belə ki, həmin reklam elanları həm videolar üzərindən gəlir əldə edən kontent yaradıcıları həm də videoservisin özü üçün vacibdir. Məhz reklam elanları sayəsində Youtube milyardlarla istifadəçi üçün pulsuz şəkildə fəaliyyət göstərə bilir.