Stokholmda “Qurani-Kərim”in növbəti dəfə təhqir edilməsi aksiyasından sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırıb.
Modern.az xəbər verir ki, əvvəllər Stokholmdakı mərkəzi məscidin qarşısında “Qurani-Kərim”in nüsxəsini yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabını təhqir edib.
Bu vandal hərəkət İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıb.
Eyni zamanda, İraq hökuməti İsveç səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı irəli sürülüb.