Bu il Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə Azərbaycan-Türkiyə birgə universitetinin açılması nəzərdə tutulur. Lakin dəqiq tarix barədə ictimaiyyətə hər hansı məlumat verilməyib.
Bir müddət əvvəl Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib.
Elm və təhsil naziri isə mətbuata açıqlamasında bildirib ki, iki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir.
“Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də sirayət edir”, – deyən Əmrullayev xatırladıb ki, Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır:
“Bu, digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı sahəsinin çox şanlı sahəsi olacaq. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq”.
Müzakirələrdən bir neçə ay keçsə də, birgə təhsil ocağının nə zaman fəaliyyətə başlayacağı və digər detallar bəlli deyil.
Məlumat üçün bildirək ki, birgə universitet layihəsi həm Azərbaycan, həm də Türkiyə təhsili üçün ilk layihə deyil. Ölkəmizdə Fransa və Koreya ilə birgə universitetlər fəaliyyət göstərir. Türkiyə isə bu təcrübəni Qazaxıstan və digər ölkələrlə həyata keçirib. Təsis olunacaq birgə universitetin ilk illərdə məhdud ixtisaslarla fəaliyyət göstərməsi planlaşdırılır.
Sözügedən universitetin ölkəmiz üçün əhəmiyyəti nədir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev deyib ki, bu addım Azərbaycanda universitetlər arasında rəqabət mühitini gücləndirə bilər:
“Türkiyə ilə birgə universitetin yaradılması günün tələbidir və prosesin daha da sürətlənməsinə ehtiyac var. Universitetlərin bir-biri ilə mübadilələri, professor, müəllim heyətinin qarşılıqlı olaraq dəvət edilməsi, kitabxanaların formalaşması bütün dünyada geniş vüsət alıb. Universitetin yaradılması həm xarici tələbə axınına səbəb ola bilər, həm də yerli tələbələrin daha yüksək balla həmin ali məktəbə üstünlük verməsinə gətirib çıxara bilər. Düşünürəm ki, birgə universitetin yaradılması prosesi sürətlənməlidir. Həm Azərbaycan, həm də Türkiyə üçün təcrübə mübadiləsi çox əhəmiyyətlidir”.
Komitənin digər üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, hazırda bu sahədə danışıqlar gedir və təhsil proqramının müzakirəsi aparılır:
“Uzun müddətdir ki, danışıqlar həyata keçirilir. Hər iki dövlətin aidiyyəti qurumları bu istiqmətdə işlər aparır. Eyni zamanda binanın seçilməsi, proqramlar və digər məsələlər müzakirə olunur. Ən mühüm məsələrdən biri sistemlərin uyğunlaşdırılmasıdır”.
“Bu gün Türkiyə və Azərabaycan təhsil sistemləri arasında fərq var. Kreditlərin hesablanması, fənlərlə bağlı digər məsələlər uyğunlaşdırılmalıdır. Bu gün azərbaycanlı tələbələr kütləvi şəkildə Türkiyəyə gedir, atestatla təhsil alır və bir sıra hallarda ölkəmizə döndükdən sonra müəyyən çətinliklər yaşayırlar. Birgə universitetin açılması bu problemi də həll edə bilər”, – deyə parlamentari əlavə edib.
Qeyd edək ki, Türkiyədə 204, Azərbaycanda isə 51 universitet fəaliyyət göstərir. Azərbaycan-Türkiyə birgə universitetinin paytaxt Bakıda açılacağı, daha sonra filiallarının Gəncə və Şuşada fəaliyyətə başlayacağı deyilir.
Jalə Rövşən