Qarabağ ətrafında cərəyan edən son proseslər ümumilikdə Cənubi Qafqazın siyasi çöhrəsini dəyişməkdədir. Azərbaycanın lokal xarakterli antiterror tədbirləri vasitəsilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsindən sonra region siyasi transformasiyaya hazır vəziyyətə gəlib. Cənubi Qafqazdakı 3 bölgə ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstan bu transformasiyadan fayda götürən tərəf kimi çıxış edə bilər.

 

Hər şeydən əvvəl, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Bakı ilə yanaşı, İrəvanın da xeyrinə olar. Çünki işğalçılıq və irridentizm siyasətindən əl çəkmək və qonşuları ilə normal münasibətlər quraraq rifah və inkişaf yolunda addımlamaq Ermənistanın gerçək maraqlarını ifadə edir. Digər tərəfdən, Qarabağ məsələsinin ağır siyasi, iqtisadi və hərbi yükündən qurtulmaq İrəvanın işini xeyli asanlaşdıracaq.

 

Məhz əməkdaşlıq, regional layihələrdə birgə iştirak və ortaq mənfəətlərə əsaslanan qonşuluq modeli erməni xalqının güzəranının yaxşılaşmasına, yalançı təbliğatla formalaşdırılmış süni “təhlükəsizlik qayğılarının” aradan qalxmasına gətirib çıxaracaq. Gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan və tam reinteqrasiya olunmuş erməni əhalinin, eləcə də tarixi yurdları olan Ermənistana qayıdacaq azərbaycanlıların işıqlı sabahı da məhz bundan keçir.

 

Gürcüstana gəlincə, rəsmi Tbilisi də Azərbaycanın təcrübəsini öyrənərək separatizm problemini həll edə bilər. Qarabağdakı qondarma rejimin ləğvi Gürcüstanın maraqları baxımından da tam uyğun hadisədir. Çünki məhz Qarabağdakı separatçı qurum Gürcüstandakı analoqları olan tanınmamış Abxaziya və Cənubi Osetiya ilə əməkdaşlıq edib, separatizm həmrəyliyi göstərib və qarşılıqlı şəkildə bir-birini dəstəkləyiblər.

 

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çoxsaylı azərbaycanlı və erməni icmasının kompakt məskunlaşdığı Gürcüstan üçün daxili sabitlik baxımından da önəm daşıyar. Başqa məqam isə ondan ibarətdir ki, beynəlxalq arenada həlledici məsələlərdə Cənubi Qafqazın bu 3 ölkəsinə daim paritet əsasında münasibət göstərilməsi meylləri özünü büruzə verib ki, Bakı və İrəvan arasındakı problemli vəziyyət müəyyən mənada Gürcüstanın da qlobal oyunçularla, xüsusən Aİ və kollektiv Qərblə əməkdaşlıq səviyyəsinə təsirsiz ötüşməyib.

 

 

Diqqət yetirilməli olan məsələlərdən biri də ondan ibarətdir ki, Rusiyanın Ukraynadakı müharibə ilə tədricən zəifləməsi azı ortamüddətli perspektivdə Cənubi Qafqazda yarana biləcək geosiyasi güc boşluğunun yaranması ehtimallarını kifayət qədər real edir. Təbii ki, hələlik bu, sadəcə ehtimal kimi görünür və Rusiyanın bölgədə mövcudluğunu qoruyacağı ssenarini də sərf-nəzər etmək ehtiyatsızlıq olardı.

 

Buna görə də Cənubi Qafqaz hər iki versiyaya tam hazır olmalıdır. Məsələn, tarixi “Qafqaz Evi” ideyası çərçivəsində ölkələr bir-biri ilə problemlərini həll edərək Baltikyanı nümunəsindəki həmrəyliyə yönələ bilər. Qeyd etmək lazımdır ki, istər Rusiyanın bölgəni tərk edəcəyi ssenaridə, istərsə də gücünü qoruyub saxlaya biləcəyi halda region ölkələri Türkiyə ilə münasibətləri dərinləşdirməlidir. Birinci halda bu, Cənubi Qafqazın Qərblə, Avropa məkanı ilə əlaqələrini genişləndirməsi üçün bölgəyə tarixən yaxşı bələd olan Türkiyənin imkanlarından istifadəni asanlaşdırar.

 

İkinci halda isə Rusiyanın regiona təsirini balanslaşdırmaq və zərərini minimuma endirmək üçün NATO üzvü olan regional gücün – Türkiyənin çəkindiriciliyini ön plana çıxarar. Bunun üçün də Ermənistan da daxil olmaqla, hər 3 Qafqaz ölkəsi Ankara ilə münasibətlərini mümkün olan ən üst səviyyəyə çıxarmalıdır. Azərbaycanla Türkiyənin qardaşlıq və strateji müttəfiqlik münasibətləri məlumdur və bu münasibətlər daim inkişaf etməlidir. 

 

Tbilisinin də Ankara ilə münasibətləri kifayət qədər yüksək səviyyədədir, lakin Gürcüstan-Türkiyə münasibətləri də pikinə çatmayıb və inkişafa açıq olmalıdır. Paşinyan Ermənistanının Ankaraya isti mesajlar göndərməsi, normallaşma üzrə qarşılıqlı olaraq nümayəndələrin təyin olunması və prosesin davam etməsi bəllidir. Bununla belə, daha institusional normallaşma və əlaqələrin inkişafı üçün Ermənistanın konstitusiyasında dəyişikliklərə gedilməsi, Türkiyəyə ərazi iddialarından rəsmi şəkildə imtina edilməsi şərtdir.

 

Rəsmi İrəvan da, imperialist qüvvələr tərəfindən illüziyalara inandırılmış erməni cəmiyyəti də bu məsələdə seçim etməlidir. Ya qonşularla, o cümlədən də Türkiyə ilə normal münasibətlər quraraq işıqlı dünyaya və yüksək sosial rifaha doğru getməli, ya da Rusiyanın, yaxud heç bir inkişaf vəd etməyən İran və Çin kimi aktorların Cənubi Qafqazda yeni mövqelərə sahiblənməsinə şərait yaradan zərərli siyasət yürütməyə davam etməli…

 

Modern Təhlil və Araşdırma Qrupu

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Məscid yaxınlığında yanğın

İstanbul Ortaköy rayonunda bir binada yanğın başlayıb. Modern.az xəbər verir ki, bu…

Səudiyyə Ukrayna ilə bağlı sülh planı təklif etdi

Ciddədə Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanması üzrə danışıqlarda Səudiyyə Ərəbistanı…

Bir ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz 

Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət…

Nərimanla qürur duyuruq! – Futbolçunun valideynləri Modern.az-a DANIŞDI

Ölkəmizi Avropa Liqasında layiqli təmsil edən “Qarabağ” klubu tarix yazmağa davam edir.…

Antiterror tədbirlərinə vadar edən səbəblər – Nazir müavini açıqladı

Sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi…