Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan “Armenpress”in sualını cavablandırarkən bildirib ki, Ermənistan heç vaxt heç bir ekstraterritorial, dəhliz məntiqi ilə razılaşmayıb və razılaşmayacaq. 
Erməni nazirin bu cür açıqlama verməsi, əlbəttə, təkcə onun yox, həm də dövlətinin mövqeyini əks etdirir. 
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

 

2021-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda deyilir: “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”.

 

2020-ci ildə İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqda sonra  regionun arxetekurtasi yenidən formalaşmağa başladı.

Müharibədən sonra imzalanan sənəddə Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı ərazilərdən çıxması nəzərdə tutulurdu və burada həyata keçiriləcək  etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin yaradılacağı bildirilirdi. Azərbaycanla Naxçıvan arasında açılacaq yeni nəqliyyat əlaqəsi də üçtərəfli Bəyanatın ən mühüm maddələrindən biri idi. 

Üstəlik, ölkəmiz yeni geosiyasi konfiqurasiya yaradaraq regiondakı zərərli tendensiyaları neytrallaşdırdı. Bölgənin inkişafı üçün qonşu ölkələrə də faydalı olacaq layihələr irəli sürdü və uyğun təklifləri dəstəklədi. 

Lakin Ermənistan əvvəlcə üçtərəfli Bəyanatın 9-cu bəndi olan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsini dəstəkləsə də, amma hazırda geri addım atır və prosesləri ləngidir. 

Bu gün Ermənistanın siyasi rəhbərliyi üzərinə götürdüyü, razılaşdığı öhdəlikləri yerinə yetirmir, növbəti dəfə hərdəmxəyallıq nümayiş etdirir. 

Ermənistan həmişə bu cür layihələrin bir hissəsi olmaq şansına malik olub, lakin əməkdaşlığa deyil, qarşıdurmaya daha çox diqqət yetirərək bütün fürsətləri əldən verib.

Xatırlamaq yerinə düşər ki, 2022-ci il dekabrın 31-də Prezident İlham Əliyev çıxışı zamanı dedi:“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də”.

Bu, o anlama gəlir ki, artıq Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Dəhliz bütün region ölkələri, eyni zamanda, Ermənistan üçün də faydalı ola bilər.  Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, bu layihəyə razı olmasa, əvvəlki kimi məcbur ediləcək və zərər görəcək. Ermənistan son illərdə xoşluqla nəyisə qəbul etmədiyi üçün, görünür dəhlizin açılması da “Dəmir yumruq” vasitəsilə həyata keçiriləcək. Amma Azərbaycan hər zaman olduğu kimi regionda sülhün və sabitliyin olmasını istəyir və bu istiqamətdə öz təkliflərini Ermənistana göndərib. Qarşıdakı proseslərdə dəhlizin açılması ilə bağlı baş verə biləcək problemlərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. 

 

Zəngəzur dəhlizinin əhəmiyyəti

 

Tarixi nəqliyyat marşrutlarının bərpası və yenidən formalaşdırılması müasir dövrdə bir çox dövlətlərin strateji məqsədləri və prioritetləri arasındadır. Həmin dövlətlərdən biri də Azərbaycandır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan hazırda mühüm nəqliyyat və logistika qovşağı kimi böyük üstünlüyə sahibdir. 

Həmçinin bu nəqliyyat marşrutları məsafə və müddət baxımından yük daşımaları üçün çox əlverişlidir.  Bu sahədə Avropa İttifaqı (Aİ)  ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirilir. Dəhliz Türkiyə  və Azərbaycan arasında strateji əhəmiyyətə malik coğrafi bölgə kimi də diqqəti cəlb edir. Üstəlik, Zəngəzur dəhlizi enerji siyasəti baxımından strateji rol oynaya bilər. Regiondakı enerji resursları bu dəhliz vasitəsilə həm də Avropa bazarlarına nəql edilir. Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatları Zəngəzur dəhlizi vasitəsilə beynəlxalq enerji layihələrinə inteqrasiya oluna bilər ki, bu da regionun enerji təhlükəsizliyini təmin edir. Bu, Qərbə öz enerji mənbələrini şaxələndirməyə imkan verməklə yanaşı, region ölkələrinin iqtisadi və siyasi sabitliyinə dəstək verə bilər.

Bundan əlavə, Zəngəzur dəhlizi regionda strateji tranzit marşrutudur və regionun siyasi, iqtisadi və təhlükəsizlik dinamikasında mühüm rol oynamaq potensialına malikdir. Dəhliz Naxçıvanı Azərbaycana birləşdirərək regional əməkdaşlığı və iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, enerji siyasəti və strateji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu mənada dəhlizi regional tərəqqiyə aparan yol kimi müəyyən etmək olar.
Zəngəzur dəhlizinin açılması: Türkiyə qlobal güc olmaq yolunda irəliləyir 

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi: “Biz Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizini qətiyyətlə dəstəkləyirik. Biz dəhlizin dərhal açılmasını gözləyirik”.

Bir neçə gün öncə Prezident Ərdoğan BMT Baş Assambleyadakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəklədiklərini ifadə edərək, “Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözləyirik”,-ifadəsini işlədib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Naxçıvana səfər edib.  

Prezident İlham Əliyevlə Naxçıvanda Ərdoğan arasında təkbətək görüş zamanı prioritet gündəm məsələsi kimi Zəngəzur dəhlizi barədə müzakirələrin aparılması ehtimalı böyükdür. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərini yekunlaşdırıb vətənə qayıdarkən jurnalistlərin suallarına cavabında deyib: “Artıq İrandan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müsbət siqnallar gəlib. Bu strateji dəhlizdir və regionun dövlətlərinin iqtisadi maraqlarına cavab verir. Buna görə də bu dəhlizin fəaliyyətə başlaması üçün lazım olan tədbirləri tez bir zamanda həyata keçirmək lazımdır”. 

R.T. Ərdoğan bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi sülh və iqtisadi inkişaf dəhlizi olacaq.

Gəlin, daha əvvələ gedək: 

Birincisi, 2021-ci ilin oktyabrın 26-da Zəngəzur dəhlizinin -Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu.

İkincisi, 2022-ci ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan və Türkiyə liderləri açılış mərasimində iştirak etdilər.

Beləliklə, bölgədə şəhərlər, kəndlər və tikilən yeni yollar, dəmiryol stansiyaları və hava limanları açılacaq dəhlizə daha böyük məna qatacaq.

Azərbaycan quru və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri sürətli şəkildə davam etdirir.

Həm Mərkəzi Asiyada, həm də Qafqazda nüfuzlu aktor olan Türkiyə regional və qlobal əməkdaşlıq layihələrinin əksəriyyətinin əsas hərəkətverici qüvvəsidir. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum (BTE) təbii qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Trans-Anadolu qaz boru kəməri (TANAP) kimi strateji layihələrin başlanması və onun davamı olan Transadriatik boru kəməri (TAP) bu əməkdaşlığın mərhələləridir. Bu layihələr marşrutların şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması baxımından əvəzedilməzdir. 

Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanla Türkiyə arasında da məsafə azalır. Ankaradan başlayan dəmir yolu xətti Qarsa, oradan isə Naxçıvana keçir.  

 Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun  (BTNM) və  Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı Avrasiyanın təchizat xətlərinin və tranzit mövqeyinin gücləndirilməsi deməkdir.  Bundan əlavə, heç bir regional aktoru kənarda qoymayan Zəngəzur dəhlizi kommersiya və siyasi əlaqələri sağlam düşüncə çərçivəsində inkişaf etdirməyə yardım edir.

Zəngəzur dəhlizi sayəsində Türkiyə ilə Orta Asiya yeni bir əlaqəyə malik olacaq. Türkiyə ilə Azərbaycan birbaşa quru yolu ilə birləşəcək. Beləliklə, Türkiyə ilə Türk dünyası arasında fasiləsiz əlaqə yaranacaq. Eyni zamanda, Zəngəzur dəhlizi ilə tarixi İpək Yolu canlandırılacaq. Bu da regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək.
Qeyd olunanlardan əlavə, görünən odur ki, Zəngəzur dəhlizinin açılması Türkiyənin regional və qlobal cəhətdən gücünü daha da artıracaq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək. Bütün bunlar Türkiyənin 
Azərbaycanla və Türk dünyası ilə münasibətlərinin dərinləşməsini sürətləndirəcək. 

Zəngəzur dəhlizinin region ölkələri üçün əhəmiyyəti və dövlətlər arasındakı ziddiyyətlər

Zəngəzur dəhlizində bir çox aktorlarının fərqli maraqları var.  Bu səbəbdən toqquşan maraqlar  regionda gərginliyi artıran səbəblərdəndir.

Zəngəzur dəhlizi Rusiya və  İran üçün də vacibdir. Çünki burada İranla Rusiya arasında əməkdaşlıq məsələləri mövcuddur. 

Türkiyə ilə Azərbaycan arasında yaxınlaşmanın əngəlləndiyi yerlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələnin kökü uzunmüddətli geosiyasi proseslərə dayanır. Yeni reallıqlar kontekstində artıq Zəngəzur dəhlizinin açılması və Azərbaycan ilə Türkiyənin yaxınlaşması zərurət olduğu qədər də, gələcək perspektivlərə söykənən bir layihədir.  Bu da bəzi ölkələrin və qlobal güclərin marağına uyğun gəlmir. 

Buna görə də İran Zəngəzur dəhlizinə siyasi mövqeydən yanaşaraq Türkiyənin Azərbaycanla quru əlaqəsini və Azərbaycan ərazisindən Orta Asiyaya açılmasını öz milli birliyinə və ərazi bütövlüyünə təhlükə hesab edir.
Zəngəzur bir çox ölkələrin maraq dairəsində olan coğrafiyada yerləşir. Bu, çox mürəkkəb məsələnin ən çətin tərəflərini üz-üzə qoyur. Bunlar İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyədir.

 

Zəngəzur dəhlizi və Türk dünyası 

Zəngəzur dəhlizinin reallaşması ilə Türk dünyasının ticari, logistik və siyasi əlaqələri güclənəcək. 
Dəhliz  Bakıdan Türkiyənin şərqində Qarsa  uzanan və ölkənin İranla sərhədi yaxınlığından keçən strateji nəqliyyat marşrutunun bir hissəsidir. Nəticə etibarı ilə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması dəhlizinin açılmasına təkan verə bilər. Yəni, regional təhlükəsizlik baxımdan Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır ki, beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyəti xarici aktorlarda narahatlıq yaratmasın. Əks halda Ermənistan region üçün təhdid olaraq qalacaq. Bu da dəhlizin effektivliyinə mənfi təsir edəcək. 
Zəngəzur dəhlizi həm də böyük Avrasiyanı, Türkiyə, Rusiya, Mərkəzi Asiya, İran və Ermənistan ərazilərini və Avropanı Asiya ilə birləşdirir. 

Türkiyənin Azərbaycanla quru əlaqəsi həm də o deməkdir ki, Ankara güclü tarixi və mədəni əlaqələri olan Orta Asiyada türk dövlətlərinə daha yaxşı çıxış əldə edəcək.

“Buradan keçəcək dəhliz bütün türk dünyasını birləşdirəcək”, – deyə Prezident Əliyev 2021-ci il oktyabrın 26-da demişdi. Dövlətimizin başçısı 2021-ci ilin noyabrda da  Türk Dövlətləri Təşkilatının toplantısında da bu fikri qətiyyətlə təkrarlamışdı. Bu fikirlər Zəngəzur dəhlizinin əhəmiyyətinin deyiləndən də artıq olduğu sübut edir. 

 

Elmir Səftərov
Siyasi şərhçi

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…